🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ankarada 8 Noyabr – Zəfər Günü Xatirə Xiyabanının təməli qoyuldu

Azərbaycan.media xəbər verir ki, noyabrın 21-də Türkiyənin Ankara şəhərinin Batıkent rayonunda 8 Noyabr – Zəfər Günü Xatirə Xiyabanının təməlqoyma mərasimi keçirilib.

AZƏRTAC-ın məlumatına görə, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərə həsr olunan tədbir Azərbaycanın Ankaradakı səfirliyi, SOCAR və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADİV) tərəfindən birgə təşkil olunub.

Mərasimdə diplomatlar, Türkiyənin müxtəlif dövlət qurumlarının rəhbərləri, hər iki ölkənin Silahlı Qüvvələrinin nümayəndələri, universitet tələbələri və Heydər Əliyev məktəbinin şagirdləri şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Ardınca Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edən İstanbul Vəkillər Palatasının üzvü, Mədəniyyətlərarası Əlaqələr Cəmiyyətinin rəhbəri Nərgiz Attar şəhidlərin azadlıq, müstəqillik və qəhrəmanlıq rəmzi olduğunu vurğulayıb və gəncləri Azərbaycan qəhrəmanlarının xatirəsini daim ehtiramla anmağa səsləyib.

Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov, TADİV-in rəhbəri Aygün Attar və SOCAR Türkiyə Enerji Şirkətinin baş direktoru Elçin İbadov çıxışlarında Vətən müharibəsində əldə olunan Zəfərin tarixi əhəmiyyətindən danışıblar.

Mərasim çərçivəsində ağacəkmə prosesinə start verən rəmzi lent kəsilib. TADİV-in baş koordinatoru Ali Əkbər Tufan bildirib ki, Ankaradakı yeni Xatirə Xiyabanında minlərlə ağacın əkilməsi planlaşdırılır və bu məkan iki qardaş xalqın birliyinin yeni simvoluna çevriləcək.

Qeyd edək ki, Türkiyə Meşəçilik İdarəsi Xatirə Xiyabanının yaradılmasına fəal dəstək göstərib.