“Tramp planı”: Ukraynadakı münaqişənin həlli üçün ABŞ tərəfindən irəli sürülən 28 bənd açıqlandı
Azərbaycan.media xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın nümayəndələri tərəfindən Ukrayna Prezidentinə təqdim edilən iddia olunan “sülh planı”nın mətbuata sızdırılan bəndləri açıqlanıb.
28 bənddən ibarət planda əsas məqamlar aşağıdakılardır:
-
Ukraynanın suverenliyi təsdiqlənir və Rusiya ilə Avropa arasında qarşılıqlı hücum etməmək üzrə müqavilə bağlanır.
-
NATO-ya qoşulmamaq, Ukrayna Silahlı Qüvvələrinin sayının məhdudlaşdırılması və ABŞ tərəfindən etibarlı təhlükəsizlik zəmanətləri verilməsi nəzərdə tutulur.
-
Müharibədən zərər çəkmiş ərazilərin bərpası, infrastruktur və təbii sərvətlərin inkişafı üçün beynəlxalq investisiyalar cəlb olunacaq.
-
Krım, Luqansk və Donetsk faktiki olaraq Rusiya əraziləri kimi tanınacaq, Xerson və Zaporojye təmas xətti boyunca dondurulacaq, digər razılaşdırılmış ərazilərdən isə Rusiya geri çəkiləcək.
-
Bütün mülki şəxslər, əsirlər və girovlar qaytarılacaq, ailələrin birləşməsi proqramları həyata keçiriləcək.
-
100 gün ərzində Ukraynada seçkilər keçiriləcək və müharibə iştirakçılarına tam əfv tətbiq olunacaq.
-
Planın hüquqi icrası Prezident Trampın sədrliyi ilə Sülh Şurası tərəfindən izləniləcək, pozuntulara görə sanksiyalar tətbiq olunacaq.
Ukrayna Prezidenti Volodimir Zelenski planın elementləri üzərində ABŞ komandası ilə işləyəcəklərini bildirib. Ağ Evin sözçüsü Kerolin Livit planın hazırlanmasında ABŞ Prezidentinin xüsusi elçisi və Dövlət Katibinin iştirak etdiyini, hər iki tərəflə danışıqlar aparıldığını qeyd edib.
Eyni zamanda, ekspertlər plana skeptik yanaşır, onun Kiyev və Moskva tərəfindən qəbul ediləcəyinə və real sülhə gətirib çıxaracağına şübhə ilə baxırlar.
