Azərbaycan.media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci il 21 sentyabr tarixində Bakıda keçirilən “Terrorçu hücumlar və silahlı münaqişələr zamanı humanitar böhranların və qlobal xarakterli texnogen fəlakətlərin qarşısının alınmasında təhlükəsizlik orqanlarının qarşılıqlı fəaliyyəti” mövzusunda III Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciəti və Forumun Bəyannaməsi BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının rəsmi sənədləri kimi yayımlanıb.
Sənəddə müasir dünyanın artan beynəlxalq və regional təhdidlərlə üzləşdiyi bir vaxtda təhlükəsizlik, sabitlik və dayanıqlı inkişafın təmin olunması üçün dövlətlər arasında konstruktiv dialoq və əməkdaşlığın vacibliyi xüsusi vurğulanıb.
Bəyannamədə iştirakçılar Azərbaycanın Bakı Təhlükəsizlik Forumunu kəşfiyyat və təhlükəsizlik qurumları üçün müntəzəm dialoq və praktiki əməkdaşlıq platforması kimi təşkil etməsi təşəbbüsünü alqışlayıblar. Eyni zamanda terrorizmlə mübarizədə çoxtərəfli koordinasiya və 7/24 operativ məlumat mübadiləsini təmin etmək məqsədilə Terrorçuluğa qarşı İnformasiya Mübadiləsi Sistemi də daxil olmaqla effektiv beynəlxalq informasiya mübadiləsi mexanizmlərinin yaradılması ideyası dəstəklənib.
Forum iştirakçıları tədbirin aktuallığını nəzərə alaraq, Bakı Təhlükəsizlik Forumunun hər il ənənəvi qaydada keçirilməsi və onun fasiləsiz fəaliyyətinin təmin olunması üçün Əsasnamənin qəbul edildiyini bildiriblər.
Prezident İlham Əliyev müraciətində qlobal arenada güclənən geosiyasi ziddiyyətlər fonunda təhlükəsizlik və kəşfiyyat qurumlarını bir araya gətirən Bakı Təhlükəsizlik Forumunun davam etdirilməsinin mühüm əhəmiyyət daşıdığını qeyd edib. Dövlət başçısı forumun regional və qlobal təhdidlərin müəyyənləşdirilməsi və onların qarşısının alınması yollarının araşdırılması baxımından unikal platforma olduğunu vurğulayıb.
Azərbaycan Prezidenti dünyada sürətlə dəyişən təhlükəsizlik mühitinə toxunaraq, silahlı toqquşmalar, humanitar böhranlar, texnogen qəzalar, ekoloji fəlakətlər, beynəlxalq münaqişələr, terrorçu təşkilatların fəallaşması və kibertəhdidlərin artmasının dövlətləri yeni çağırışlarla üz-üzə qoyduğunu bildirib. O, dini ekstremizm, separatçılıq, transsərhəd mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya və silah qaçaqmalçılığı kimi təhdidlərin beynəlxalq təhlükəsizlik sisteminə ciddi zərbə vurduğunu qeyd edib.
Prezident müraciətində Azərbaycanın müstəqillik əldə etdiyi gündən etibarən beynəlxalq əməkdaşlığı dəstəklədiyini, Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması istiqamətində ardıcıl addımlar atdığını bildirib. O, 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalanmasını xatırladıb.
İlham Əliyev Cənubi Qafqazda dayanıqlı sülhün təkcə region üçün deyil, həm də Mərkəzi Asiya, Yaxın Şərq və Avropa üçün yeni əməkdaşlıq imkanları yaradacağını diqqətə çatdırıb.
Qeyd edək ki, III Bakı Təhlükəsizlik Forumu Dövlət Təhlükəsizliyi Xidmətinin təşkilatçılığı ilə keçirilərək 90-a yaxın ölkənin xüsusi xidmət orqanları rəhbərləri və yüksək səviyyəli nümayəndələrini bir araya gətirib.
