🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Qeyri-formal məşğulluqda olan şəxslər icbari tibbi sığorta haqlarını özləri ödəyəcəklər

Azərbaycan.media xəbər verir ki, qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslər icbari tibbi sığorta üzrə artıq sığortalı kimi özləri çıxış edəcəklər.

Bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Qanun layihəsinə əsasən, qeyri-formal məşğulluqda olan şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiqlənəcək məbləğdə icbari tibbi sığorta haqqı ödəyəcəklər. Sığorta haqqı təqvim ili ərzində öhdəlik yarandığı tarixdən ilin sonuna qədər olan ayların sayına uyğun hesablanacaq.

Sığorta haqqının ödənişi gecikdirildiyi halda isə həmin məbləğin 10 faizi həcmində əlavə sığorta haqqı tətbiq olunacaq.

Qeyri-formal məşğulluq əmək və mülki-hüquqi müqavilə bağlanmadan fəaliyyət göstərmək, sahibkarlıq fəaliyyətini və kənd təsərrüfatına yararlı torpaqdan istifadənin rəsmiləşdirilmədən həyata keçirilməsi, həmçinin “Ailə kəndli təsərrüfatı haqqında” qanuna uyğun olaraq uçota alınmadan ailə kəndli təsərrüfatından gəlir əldə edilməsi kimi halları əhatə edir.

Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.