🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakının bir neçə rayonunda qarlı hava şəraitinə hazırlıq gücləndirildi

Azərbaycan.media xəbər verir ki, paytaxtın bir sıra rayonlarında qarlı və şaxtalı hava şəraitinə hazırlıqla bağlı növbəti müşavirələr keçirilib.

 Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlarına uyğun olaraq keçirilən iclaslarda kommunal və təsərrüfat xidmətləri, dövlət qurumları, təhsil müəssisələri və özəl sektor nümayəndələri iştirak ediblər.

Müşavirələrin məqsədi qış aylarında, xüsusilə güclü qar yağacağı halda görüləcək işlərin koordinasiyası və hazırlıq vəziyyətinin qiymətləndirilməsi olub. Bu dəfə görüşlər Xəzər, Pirallahı və Qaradağ rayonlarında baş tutub.

Rayon İcra Hakimiyyətlərində qışa hazırlıq üzrə yaradılmış qərargahların fəaliyyəti müzakirə edilib, kommunal və təsərrüfat xidmətlərinə qarlı günlərdə üzərlərinə düşən vəzifələri tam icra etmələri tapşırılıb. Qurumlardan qarın təmizlənməsi üçün kifayət qədər inventarın təmin edilməsi, duz ehtiyatlarının yaradılması və xüsusi texnikanın sazlığının yoxlanılması tələb olunub. Küçə və məhəllələrin təmizlənməsinə cavabdeh şəxslərin siyahıları da hazırlanıb.

Bundan əlavə, prosesə yalnız kommunal texnikanın deyil, idarə, müəssisə, bələdiyyə və özəl qurumların mövcud texnikasının da cəlb olunması qərara alınıb.

Rayonlarda fəaliyyət göstərən idarə və təşkilatlara, bələdiyyələrə və ictimai iaşə obyektlərinin rəhbərlərinə özlərinə məxsus ərazilərin təmizlənməsində fəal iştirak etmək tövsiyə edilib.