ABŞ-ın yeni sülh planı iddiası: Zelenskidən Şükran Günündə saziş gözlənildiyi bildirilir

Azərbaycan.media xəbər verir ki, Birləşmiş Ştatların Ukrayna Prezidenti Volodimir Zelenskidən noyabrın 27-də – Şükran Günündə sülh sazişi imzalamasını gözlədiyi iddia olunur.

Bu barədə “The Financial Times” yazıb. Nəşrin iddiasına əsasən, sənəd imzalandıqdan sonra Rusiya tərəfinə təqdim edilməli və bütün proses dekabrın əvvəlinə qədər tamamlanmalıdır. Bununla belə, nəşr qeyd edir ki, proseslərin bu qədər sürətlə irəliləməsi real görünmür.

Ukrayna Prezident Aparatının bəzi rəsmiləri bildiriblər ki, planın bir sıra bəndləri Kiyev üçün “qırmızı xətt” hesab edilir.

Digər tərəfdən, Axios mənbələrə istinadən yazır ki, ABŞ Rusiya ilə sülh müqaviləsinin hazırlanması üzrə “gizli məsləhətləşmələr” aparır. Məlumata görə, ABŞ-ın yeni planı 28 bənddən ibarətdir və Qərb mediasında “Rusiyaya kütləvi güzəştlər” kimi qiymətləndirilən müddəaları əhatə edir. Bunlar arasında Ukrayna Silahlı Qüvvələrinin təqribən 2,5 dəfə ixtisarı, uzaqmənzilli raketlərdən imtina, rus dilinin rəsmi status alması və digər tələblər yer alır.

Financial Times yazır ki, sənədi Ukrayna tərəfinə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovla görüşdə təqdim edib. Lakin məlum olub ki, Prezident Zelenski ABŞ administrasiyasının hazırladığı sənədi müzakirə etməkdən imtina edib və avropalı tərəfdaşlarla alternativ plan üzərində işləyir.