Azərbaycan.media xəbər verir ki, məşhur meyvələrdən — nar və qozdan əldə edilən urolitin A-nın immun sistemi gücləndirdiyi və “cavanlaşdırdığı” elmi olaraq sübut olunub.
Medicina.az-ın məlumatına görə, aparılan araşdırmada 45-70 yaş arası 50 könüllü 28 gün ərzində hər gün 1000 mq urolitin A və ya plasebo qəbul edib. Təhlillər maddəni qəbul edən iştirakçılarda CD8+ T hüceyrələrinin payının artdığını göstərib. Bu hüceyrələr yaşla azalmasına baxmayaraq, daha “gənc” funksional profilə malikdir.
Eyni zamanda, həmin şəxslərin immun hüceyrələrinin tükənmə göstəriciləri azalıb və onlar yağ turşularından daha fəal istifadə edərək daha gənc metabolik model nümayiş etdiriblər.
Tədqiqatçıların sözlərinə görə, urolitin A mitoxondrial yenilənməni aktivləşdirir və iltihab, həmçinin yaşlanma ilə əlaqəli immun yollarının fəaliyyətinə təsir göstərir. Dəyişikliklər miqyas baxımından böyük olmasa da, davamlı və əhəmiyyətli sayılır.
Alimlər qeyd edir ki, cəmi 28 günlük kurs belə immun yaşlanmasına qarşı müdaxilə üçün real potensial ortaya qoyub. Bununla belə, maddənin uzunmüddətli təsirini və praktiki tətbiq imkanlarını qiymətləndirmək üçün daha geniş və uzunmüddətli klinik araşdırmalara ehtiyac olduğu vurğulanır.
