Növbəti sertifikatlaşdırmada müəllimlərin maaşı artacaq, tam ştat tətbiqi baş tutacaq

Azərbaycan.media xəbər verir ki, növbəti sertifikatlaşdırma mərhələsində müəllimlərin əməkhaqqısının hesablanmasında 35 faiz əmsalından deyil, vahid əmsaldan istifadə olunacaq. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət mərkəzində” verilişində danışıb.

Nazir bildirib ki, müxtəlif dövlət qurumlarının birgə qərarı ilə vahid əmsal dəqiqləşdiriləcək və bu, müəllimlərin əməkhaqqısının artmasına səbəb olacaq. Həmçinin mərhələli şəkildə 20 min tam ştat müəllim vəzifəsi yaradılacaq:

“Müəllimlərin bir çoxunun öz iş otağı yoxdur, dərs saatları çoxdur. 12–13 saat dərsi olan müəllimin iş otağı belə yoxdur. Buna görə müəllim rifahını yüksəltmək üçün ilk növbədə maaşını artırır, sonra işə aidliyini, motivasiyasını və iş şəraitini yaxşılaşdırırıq”, – deyə nazir bildirib.

O əlavə edib ki, tam ştata keçən müəllim həftəlik 30–36 saat işləyəcək və bunun 18–24 saatı tədrisə ayrılacaq. “Əgər 20 min müəllim bu əməkhaqqını alarsa, təhsildə köklü islahatların başlanğıcı qoyulacaq. Kiçik məktəbləri bu sistemə keçirmək mümkün olmayacaq, söhbət yalnız böyük məktəblərdən gedir”, – deyə Emin Əmrullayev qeyd edib.

Nazir həmçinin əlavə edib ki, infrastruktur imkanları mövcuddur və yeni infrastruktur yaradılacaq: “Müəllim öz iş yeri ilə qürur duymalı, həvəslə iş yerinə gəlməlidir. O, dərsdən əlavə digər müəllimlərin dərsini dinləyib tövsiyələr verə, şagirdlər üçün metodoloji tövsiyələr hazırlaya bilər”.