16 yaşlı Nurcanın faciəvi ölümü: Sosial Xidmətlər Agentliyi geniş açıqlama yaydı

Azərbaycan.media xəbər verir ki, Sosial Xidmətlər Agentliyi “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağında dünyasını dəyişən 16 yaşlı Nurcan Cəfərova ilə bağlı rəsmi məlumat yayıb.

Açıqlamada bildirilir ki, 21 avqust 2025-ci ildə quruma Nurcan Elşad qızı Cəfərovanın qohumlarının evindən qaçması barədə məlumat daxil olub. Agentlik tərəfindən dərhal uşağın mənafeyinin qorunması üçün qiymətləndirmə aparılıb.

Məlumata görə, Nurcanın anası Vüsalə Orucova 2014-cü ildə vəfat edib, atası isə uzun müddətdir Rusiyada yaşayır. Uşağın xalası Turanə Həsənova müxtəlif səbəblərdən ona qayğı göstərə bilməyəcəyini bildirib. Qiymətləndirmə zamanı Nurcan da xalasının ailəsinə qayıtmaq istəmədiyini deyib.

Agentlik uşağın təhlükəsizliyini təmin etmək məqsədilə 11 sentyabr 2025-ci il tarixli qərarla onu “Təmiz Dünya” sığınacağına yerləşdirib. Burada Nurcanla sosial-psixoloji dəstək və reabilitasiya işi aparılıb. Eyni zamanda, onun hüquqi statusunun müəyyənləşdirilməsi və himayəçi təyinatı üçün Şəmkir Rayon İcra Hakimiyyətinə sorğu göndərilib. Rəsmi cavabda himayəçi ola biləcək şəxsin tapılmadığı qeyd olunub.

Açıqlamada vurğulanır ki, Nurcan sığınacaqda qaldığı müddətdə mütəmadi olaraq xalasına zəng edib. Atası Elşad Səfərov isə ölkəyə qayıtdıqdan sonra 18 noyabr 2025-ci ildə qızından rəsmi qaydada imtina edib.

Sosial Xidmətlər Agentliyi hadisədən kədərləndiyini bildirərək, Nurcan Cəfərovaya Allahdan rəhmət diləyib.