Azərbaycan.media xəbər verir ki, Baş nazir Əli Əsədov “İkinci Dünya müharibəsi iştirakçılarının, şəhid ailələrinin, Çernobıl AES qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak etmiş şəxslərin və digər müəyyən kateqoriyalardakı vətəndaşların sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydaları”nda dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Qərara əsasən, bu Qaydalarda göstərilən şəxslər ildə bir dəfədən çox olmamaq şərti ilə sanatoriya-kurort putyovkaları (yollayışları) ilə təmin edilirlər. İşləyənlər üçün putyovkalar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən işəgötürənlərə təqdim edilir, işləməyən şəxslər isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin yerli qurumları və “DOST” mərkəzləri vasitəsilə növbəlilik əsasında təmin olunur.
Sanatoriya-kurort putyovkası almaq hüququ olan şəxslər ərizə və sanatoriya-kurort kartasını aidiyyəti üzrə müvafiq quruma təqdim edirlər. Sonrakı mərhələdə işsiz vətəndaşlar 1 iş günü ərzində Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi (MEİS) “Sanatoriya-kurort” altsistemində növbəyə götürülür. Məlumat 2 iş günü ərzində şəxsin əlaqə vasitələrinə və “e-sosial” portalındakı şəxsi kabinetində əks olunur.
Bu dəyişikliklər sanatoriya-kurort müalicəsi və putyovka əldə etmə prosesinin şəffaf və sistemli şəkildə həyata keçirilməsini təmin edəcək.
