Azərbaycan.media xəbər verir ki, Laçında xırda xuliqanlıq edən iki şəxs inzibati qaydada həbs olunub.
Publika.az Teleqraf-a istinadla bildirir ki, Şəmkir rayon sakinləri – 1974-cü il təvəllüdlü Aydın Babayev və 1982-ci il təvəllüdlü Vüsal Vəliyev (adlar şərti verilib) bu ilin noyabrın 17-də Laçın rayonunun Qorçu kəndində yerləşən polis postunda ictimai yerdə nalayiq ifadələr işlədib, ictimai qaydanı pozub və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıblar.
Hər iki şəxsin barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisə tabe olmama) maddələri ilə ittiham elan olunub.
A. Babayev izahatında bildirib ki, noyabrın 17-də saat 20:00 radələrində Laçın şəhərinin giriş postunda yoxlama üçün saxlanıblar: “Sərxoş olduğumuz üçün polis əməkdaşları ilə söz mübahisəsi etdik. Polis iradlarını bildirsə də, anlaşılmazlıq yarandı və biz aqressiv davrandıq”.
Laçın Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxs 8 gün müddətinə inzibati qaydada həbs olunub.
Qeyd olunur ki, A. Babayev Laçında bir şirkətdə gözətçi, V. Vəliyev isə birqada başçısı vəzifəsində çalışırmış.
