DİN valideynlərə məktəb ətrafında uşaqların təhlükəsizliyi ilə bağlı müraciət edib

Azərbaycan.media xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi valideynlərə müraciət edib.

Müraciətdə bildirilir ki, müşahidə kameraları vasitəsilə məktəb ətrafı yollarda aparılan təhlillər göstərir ki, bəzi valideynlərin məsuliyyətsiz davranışı azyaşlıların yol təhlükəsizliyinə mənfi təsir göstərir. Övladlarını məktəbə aparmaqla vəzifələrinin bitdiyini düşünən bəzi valideynlər qaydalara əməl etmədən uşaqlarla birlikdə yolu keçirlər. Bu isə məktəblilərdə yanlış nümunə formalaşdırır və azyaşlılar tək olduqda eyni qayda pozuntularını təkrarlayaraq yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb ola bilər.

Valideynlərdən xahiş olunur ki, övladlarına yollarda təhlükəsiz davranış qaydalarını izah etsin və gündəlik həyatda bu qaydalara əməl etməklə onlara nümunə olsunlar. Xüsusilə, piyada keçidlərindən düzgün istifadə etmək, svetofor siqnallarına riayət etmək və yolu keçərkən ətrafı diqqətlə müşahidə etmək azyaşlılara aydın şəkildə çatdırılmalıdır.

Müraciətdə vurğulanır: “Uşaqlar ilk növbədə valideynlərinin davranışını təkrarlayırlar. Qaydalara uyğun hərəkət etmək onların təhlükəsizliyinin və sağlam gələcəyinin təmin olunması deməkdir.”