Gəncədə tibb mərkəzində dava: Həkimi döyən şəxs 9 ay azadlığın məhdudlaşdırılmasına məhkum edildi

Azərbaycan.media xəbər verir ki, Gəncənin Yeni Gəncə qəsəbəsində yerləşən Yeni Gəncə Tibb Mərkəzində baş verən dava ilə bağlı məhkəmə prosesi tamamlanıb.

Hadisə laborator analizlərin gecikməsi ilə bağlı yaranmış narazılıq səbəbindən baş verib. Laboratoriya şöbəsinin müdiri, mikrobioloq Xətai Quliyev klinikada çalışan tibb bacısı Zərifənin əri Kəyan tərəfindən döyülüb.

İttihama görə, reanimasiya şöbəsində xəstə uşaqlara təcili analiz lazım olduğu üçün həkim Emiliya Əliyeva Xətai Quliyevə zəng edib. Analizlərin yoxlanılması zamanı gecikmə ilə bağlı tərəflər arasında telefon danışığında mübahisə yaranıb. Daha sonra Zərifə laboratoriyaya gələrək analizlərin vaxtında təqdim olunduğunu bildirib və sözlü münaqişə baş verib.

Daha sonra Kəyan laboratoriyaya daxil olaraq Xətai Quliyevə yaxınlaşıb, göz nahiyyəsinə yumruq zərbəsi endirib və həkimin baş nahiyəsinə dəfələrlə vurmağa davam edib. Zərərçəkmiş həkim şikayətçi olduğunu və təqsirləndirilənlə barışmadığını bildirib.

Kəyan ifadəsində həyat yoldaşına yemək gətirdiyini, telefon danışığında onun narahat olduğunu gördüyünü və mübahisənin sonradan davaya çevrildiyini söyləyib. O, əməlindən peşman olduğunu və yüngül cəza istədiyini qeyd edib. Hadisə klinikanın nəzarət kameraları tərəfindən lentə alınıb.

Məhkəmənin hökmü ilə Kəyan 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.