Müharibəni bitirməyə gücü çatan yeganə şəxs Trampdır

Azərbaycan.media xəbər verir ki, Ukrayna anlamlı formatlarda sülhün təmin olunması üçün işləməyə hazırdır və müharibəyə son qoymaq gücünün yalnız ABŞ Prezidenti Donald Trampda olduğunu bəyan edib.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün “Teleqram” kanalında məlumat yayıb.

“Bu ilin əvvəlindən biz Ukraynada Prezident Trampın bütün qəti addımlarını və liderliyini, müharibəyə son qoymağa yönəlmiş hər bir güclü və ədalətli təşəbbüsünü dəstəkləmişik. Və yalnız Prezident Tramp və ABŞ-ın nəhayət, bu müharibəni bitirmək gücü var”, – Zelenski bildirib.

Onun sözlərinə görə, Ankarada keçirilən görüş zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan danışıqlar üçün müxtəlif formatlar təklif edib və bu təşəbbüslər dəstəklənib. Ukrayna isə Türkiyənin danışıqlar üçün platforma təqdim etməyə hazır olmasını yüksək qiymətləndirir.

“Biz nəticə verə biləcək istənilən digər mənalı formatda işləməyə hazırıq. Amma qan tökülməsini dayandırmaq və davamlı sülhə nail olmaq üçün ən vacibi bütün tərəfdaşlarla koordinasiyada hərəkət etmək, ABŞ rəhbərliyinin isə güclü və effektiv olaraq qalmasıdır”, – Zelenski əlavə edib.