Azərbaycan.media xəbər verir ki, xalq artisti, rəqqasə və xoreoqraf-baletmeyster Roza Cəlilova 96 yaşında dünyasını dəyişib. Məlumatı APA-ya onun qızı təsdiqləyib.
Roza Cəlilova 1929-cu ildə Qubada anadan olub. 1947-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirdikdən sonra iki il M.F. Axundov adına Opera və Balet Teatrının balet truppasında çalışıb. 1949-cu ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblında fəaliyyət göstərib və 1965–1975-ci illərdə rəqs qrupuna rəhbərlik edib. 1989-cu ildə yaratdığı “Gülüstan” Mahnı və Rəqs Ansamblı ilə geniş tanınıb. Repertuarında Azərbaycan milli rəqsləri ilə yanaşı, ərəb, fars, hind və digər xalqların rəqsləri də yer alıb. Səhnə fəaliyyəti dövründə Kanada, Çexoslovakiya, Efiopiya, Çin, ABŞ, Türkiyə, İraq, Mərakeş və digər ölkələrdə çıxış edib.
Vida mərasimi Təzəpir məscidində keçirilmiş, sonra isə xalq artistinin dəfn yeri dəyişdirilərək vəsiyyətinə uyğun olaraq Qurd qapısı qəbiristanlığında – qardaşının yanında həyata keçirilib. Bu barədə mərhumun nəvəsi Lalə Aslanur məlumat verib. Əvvəl yayılan məlumatlarda dəfn yerinin II Fəxri xiyaban olacağı bildirilmişdi.
Dəfn mərasimində Roza Cəlilovanın ailə üzvləri və sənət yoldaşları iştirak ediblər.
