Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyev “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ilə əlaqədar maliyyə-təsərrüfat fəaliyyətinə nəzarət” qaydasının təsdiq edilməsi barədə fərman imzalayıb. Fərmana əsasən, dövlət büdcəsindən və qanunla qadağan olunmayan digər mənbələrdən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti üçün ayrılan vəsaitin istifadəsi üzərində maliyyə nəzarəti tədbirləri həyata keçiriləcək.
Fərmanda həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Qaydadan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Eyni zamanda, Prezident İlham Əliyev 31 oktyabr 2025-ci il tarixli 281-VIIQD nömrəli Qanunun tətbiqi və əlaqəli fərmanlarda dəyişikliklər edilməsi barədə fərman imzalayıb. Fərmanda əsas olaraq “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda, həmçinin Mülki, Cinayət-prosessual və Cəzaların İcrası Məcəllələrində müəyyən səlahiyyətlər və təriflər Prezident, Nazirlər Kabineti və Ədliyyə Nazirliyi arasında dəqiqləşdirilib.
Fərmanla həmçinin əvvəlki fərmanların müvafiq müddəaları ləğv edilib və qanunvericilikdə uyğunlaşmalar təmin olunub.
