Azərbaycan.media xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin regional siyasəti və təhlükəsizlik yanaşması barədə sərt açıqlamalar verib. O bildirib ki, Türkiyənin heç bir ölkənin torpağında gözü olmasa da, öz coğrafiyasında heç kimin sərhəd çəkməsinə imkan verilməyəcək.
“Harada bir məzlum varsa, biz onların yanındayıq. Dost və qardaşlarımızı tək qoymuruq. Bunu etməsən, Türkiyəni böyüdə bilməzsən”, – dövlət başçısı vurğulayıb.
Ərdoğan Türkiyənin tarixi irsinə diqqət çəkərək, xalqın Səlcuq və Osmanlı kimi iki böyük imperiyanın mirasına sahib olduğunu bildirib:
“Biz sıradan bir millət deyilik. Öz sərhədlərimizi qanımızla, canımızla qoruyacağıq. Bir ayağımız Ankaradadırsa, o biri ayağımız başqa ölkələrdə sülh və ədalət mübarizəsi aparır. Fələstində məzlumların yanındayıq, Sudanda qanı dayandırmağa çalışırıq. Bütün gücümüzlə dost və qardaşlarımızın yanındayıq. Bunu etməsəniz, tarixə xəyanət etmiş olarsınız”.
Ərdoğan əlavə edib ki, Türkiyə Suriyanın yenidən qurulması və bərpasında da iştirak edəcək:
“Suriyanın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir. Suriya, Fələstin, Azərbaycan, Sudan, Şimali Kipr Türk Cümhuriyyəti, İraq, İran və Ukraynanın təhlükəsizliyi bizim təhlükəsizliyimizlə birbaşa bağlıdır”.
