Naxçıvan Müəllimlər İnstitutunun ləğvi və Naxçıvan Dövlət Universitetinə birləşdirilməsi müzakirə olunubr

Azərbaycan.media xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının ali təhsil sistemində genişmiqyaslı struktur dəyişiklikləri müzakirə mövzusuna çevrilib. Müzakirələr fonunda Naxçıvan Müəllimlər İnstitutunun bağlanacağı və Naxçıvan Dövlət Universitetinə birləşdiriləcəyi barədə xəbərlər yayılıb.

İnstitutda fəaliyyət göstərən müəllim və tələbələrin də Naxçıvan Dövlət Universitetinə köçürüləcəyi bildirilir.

Müzakirələrdə əsas arqument kimi Naxçıvanda təhsil infrastrukturunun optimallaşdırılması göstərilir. Hazırda Naxçıvan Müəllimlər İnstitutunda təxminən 1200 tələbə təhsil alır.

Bildirilir ki, Muxtar Respublikada fəaliyyət göstərən iki ali təhsil müəssisəsinin eyni profilli kadrlar hazırlaması resursların bölünməsinə səbəb olur. Buna görə də ali təhsil müəssisələrinin birləşdirilməsi ən optimal variant kimi qiymətləndirilir.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli Fərmanına əsasən, Naxçıvan Politexnik Texnikumunun bazasında Azərbaycan Müəllimlər İnstitutunun Naxçıvan filialı yaradılıb. 2003-cü ildə isə bu filial müstəqil instituta çevrilib.

Naxçıvan Müəllimlər İnstitutuna ötən ilədək Azad Novruzov rəhbərlik edib. Onun Ali Məclisə deputat seçilməsindən sonra yerinə təyinat olmayıb. Universitetin bir ildən artıqdır rektorsuz fəaliyyət göstərməsi, ləğv olunacağı barədə iddiaları daha da gücləndirib.

Xatırladaq ki, Naxçıvanda ötən il daha bir ali təhsil müəssisəsi bağlanıb. 2024-cü il sentyabrın 3-də özəl universitet fəaliyyətini dayandırdığını elan etmişdi.