AZAL sərnişinlərə yüksək sürətli bortdaxili Wi-Fi xidməti təqdim edəcək

Azərbaycan.media xəbər verir ki, AZCON Holding şirkətlərindən olan “Azərbaycan Hava Yolları” (AZAL) tezliklə sərnişinlərinə yüksək sürətli, videoyayıma uyğun bortdaxili “Wi-Fi” xidməti təqdim edəcək.

AZAL bu məqsədlə peyk rabitəsi sahəsində lider “Viasat Inc.” ilə strateji tərəfdaşlıq müqaviləsi imzalayıb. Saziş “Dubai Airshow 2025” çərçivəsində AZAL-ın prezidenti Samir Rzayev və “Viasat”ın aviasiya üzrə prezidenti Don Bakman tərəfindən rəsmiləşdirilib.

Tərəfdaşlıq çərçivəsində AZAL-ın 20 yeni təyyarəsi (“Airbus A320” və “Boeing 787-9 Dreamliner”) “Viasat Amara” sistemi ilə təchiz olunacaq. Sistem sərnişinlərə sabit, sürətli internet və simsiz bortdaxili əyləncə platforması təmin edəcək. Biznes sinfi sərnişinlər və loyallıq proqramının yüksək statuslu üzvləri xidmətdən ödənişsiz istifadə edə biləcəklər.

AZAL-ın yeni rəqəmsal xidmətləri sərnişin komfortunu artırmaq və beynəlxalq marşrut şəbəkəsində xidmət səviyyəsini yüksəltmək məqsədi daşıyır. Aviaşirkət həmçinin dayanıqlı inkişaf və beynəlxalq aviasiya standartlarına riayət etməklə müasir və etibarlı tərəfdaş kimi fəaliyyətini davam etdirir.