Azərbaycan.media xəbər verir ki, ABŞ Dövlət Departamenti Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemi ilə bağlı 105 milyon dollar dəyərində avadanlıq və xidmətlərin satışını təsdiqləyib.
ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinin (DSCA) yaydığı məlumata görə, satış paketinə Ukraynanın M901 tipli buraxılış qurğularının M903 konfiqurasiyasına yüksəldilməsi, yerüstü dəstək avadanlığı üçün nəzərdə tutulmuş ehtiyat yükləri, ehtiyat hissələri, təlim proqramları və logistika dəstəyi daxildir.
Bəyanatda bildirilib ki, “Patriot” sistemləri ilə bağlı avadanlıq və xidmətləri əhatə edən paket ümumilikdə 105 milyon dollar dəyərindədir. Layihənin əsas podratçıları ABŞ-da yerləşən “RTX Corporation” və “Lockheed Martin” şirkətləridir.
Qanunvericiliyə əsasən, Konqresə göndərilən silah satışları ilə bağlı 15 günlük etiraz müddəti var. Bu müddət ərzində etiraz daxil olmazsa, satış prosesinin davam etdirilməsi nəzərdə tutulur.
