Binəqədidə yol hərəkəti yenidən tənzimlənəcək

 

Azərbaycan.media xəbər verir ki, Bakının Binəqədi rayonunda Rəşid İsmayılov və Yəhya Hüseynov küçələrinin kəsişməsində yol hərəkəti yenidən təşkil edilir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, yol hərəkətinin təkmilləşdirilməsi, nəqliyyat şəraitinin yaxşılaşdırılması və hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə ərazidə təhlillər aparılıb.

Təhlillər göstərib ki, hazırda Yəhya Hüseynov küçəsi və yaxınlıqda yerləşən yaşayış kompleksindən paytaxt istiqamətində hərəkət etmək istəyən sürücülər Bakı-Sumqayıt şosesindən istifadə edərək “Ekologiya postu” yaxınlığındakı yol qovşağından geriyə dönməli olurlar. Bu isə 3 km-dən çox əlavə məsafə, səyahət müddətinin artması və yol qovşağının yüklənməsinə səbəb olur. Həmçinin, kəsişmədə piyada və yol hərəkətinin təhlükəsizliyi kifayət qədər deyil.

Yeni layihəyə əsasən, kəsişmədə hərəkət işıqforla tənzimlənəcək. Yəhya Hüseynov küçəsindən və yaxınlıqdakı yaşayış kompleksindən hərəkət edən nəqliyyat vasitələri yol ötürücüsünün altında yerləşən geriyədönmə yerindən istifadə edə biləcək.

Ərazidə təhlükəsizlik adacıqları tikilərək hərəkət kanallaşdırılacaq, kəsişmənin boyunca piyadaların rahat və təhlükəsiz hərəkəti üçün nizamlanan piyada keçidləri qurulacaq. Həmçinin, avtobus dayanacaqlarının yeri optimallaşdırılacaq, yeni yol nişanları quraşdırılacaq və nişanlanma xətləri təşkil ediləcək.

Tətbiq ediləcək dəyişiklikləri əks etdirən videoçarx da təqdim olunub.