QƏLƏBƏDƏN HAY VERƏN BAŞ LEYTENANT – SAHİB ŞİRƏLİYEV

II Qarabağ savaşında rəşadətlə mübarizə aparıb şəhidlik zirvəsinə yüksələn  döyüşçülərimizdən biri də, baş leytenant Sahib Yusif oğlu Şirəliyevdir. Sahib 18 oktyabr 1995-ci ildə Masallı rayonunun Ərkivan qəsəbəsində dünyaya göz açıb. O, cəmi 25 il ömür sürüb. Lakin 25 illik qısa ömrünə bir qəhrəmanlıq səlnaməsi sığdıra bilib.

Əvvəlcə Sahibin çox da uzun olmayan, lakin şərəfli ömür yoluna qısaca nəzər salmaq istəyirəm. Sahib orta təhsilini Bakı şəhərində yerləşən Ağdam rayon 28 nömrəli tam orta məktəbdə alıb. Onu tanıyanlar dərslərini yaxşı oxuduğunu, əlaçı olduğunu deyirlər. Hərbçi nizam-intizamı hələ uşaq yaşlarından Sahibdə olub. Hərbçi olmaq da onun uşaqlıq arzusu imiş. Odur ki, Sahib 2013-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və 2013-2017-ci illərdə hərbi təhsil alıb. Atası Yusif kişi müsahibələrinin birində bildirib ki, valideynləri onun başqa peşənin sahibi olmağını istəyiblər. Lakin Sahib israrla hərbçi olmaq arzusunu reallaşdırıb.

Sahib 2017-ci ildən Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı zabiti kimi Vətənə qulluq edib. Xüsusi təyinatlı qruplar arasında keçirilən yarışlarda hər zaman fərqlənib. Çoxlu sayda fəxri fərman və diplomla mükafatlandırılıb.

***

Yaxınları deyirlər ki, Sahib Böyük Vətən Müharibəsinin ilk günlərindən döyüşə getmək üçün səbirsizlənirmiş. O, düşməndən qisas almağa, 30 ilə yaxın müddət ərzində gözü yolda olan Ana torpağı azad etməyə tələsirdi. Sahibin Hadrut istiqamətindəki döyüşlərdə xüsusi xidmətləri olub. Onun rəhbərliyi ilə xüsusi təyinatlı qrupun uğurlu əməliyyatı nəticəsində qəsəbədə bölmələrimizin şəxsi heyət və döyüş texnikasının rahat hərəkəti təmin edilir. Lakin Sahib Şuşa uğrundakı döyüşdə şəhadətə yüksəlir.

Döyüş yoldaşlarından birinin dediklərindən: “Düşmənlə qızğın atışmalar zamanı yaralanan zabitimizə ilk tibbi yardımı Şirəliyev göstərdi. Saatyarımlıq şiddətli döyüşlərdə yaralı və şəhidlərimiz olsa da dəhlizi, dəhlizin üstündəki yüksəkliyi ələ keçirdik. Ağır artilleriya atəşlərinə məruz qalsaq da irəliləyirdik. Hətta “Şirəliyev, irəli, yoxsa geri?” soruşduqda, o, “yalnız irəli getməliyik” deyə, əmr etdi. Hədəfimiz Şuşa şəhəri idi. O səmtə istiqamətləndik. Qarşıda bizi tələyə salacağını düşünən hiyləgər yağını yenə də peşman etdik. Düşmənin xeyli canlı qüvvəsi və hərbi texnikasını məhv etdik. İki BMP-ni yararsız hala salaraq qənimət götürdük. Lakin yarım saatlıq ağır vuruşda cəsur və təmkinli qrup komandirimizi, baş leytenant Sahib Şirəliyevi itirdik. Əvvəlcə elə bildim ki, qaya arxasında mövqe tutub. Çağırdım səs vermədi. Yaxınlaşanda arxası üstə yerə uzanan cansız bədənini gördüm. Sol çiynindən yapışıb özümə tərəf çəkdim. Güllə baş nahiyəsindən dəymişdi…”.

Nədənsə bu yerdə igidlərimizə həsr etdiyim şeirdən bir parçanı xatırlayıram:

Tarix yazdın Vətəndə sən,

Gözəl “ən”lərdən öndəsən,

Mənim üçün Vətən də sən,

Vətəni qoruyan İgid!

 

***

Bu məqaləni yazarkən Sahib haqqında informasiya toplamağa başladım. 25 yaşının olmasına baxmayaraq, bu qədər rəşadət göstərən birinin dünyagörüşü, arzusu, istəkləri və s. məndə maraq doğururdu. Odur ki, onun haqqında Kütləvi İnformasiya Vasitələrində çap olunmuş yazıları oxumağa başladım. Bu məqalələrdən öyrəndim ki, Sahibin zəngin şəxsi kitabxanası olub. O, mütaliəni, bədii ədəbiyyatı, xüsusilə poeziyanı çox sevirmiş. Ən çox Nizami Gəncəvinin əsərlərini mütaliə edərmiş.

Amansız müharibə… Sahib kimi nə qədər dəyərli övladımızın ömrünü yarımçıq qoydu. Bu sətirləri yazarkən qəlbimdə bir hiss baş qaldırdı. Kaş ki, Sahib sağ qalaydı. Poeziyanı çox sevən qalib əsgərə öz şeir kitablarımı hədiyyə edərdim. Poeziyam haqqında Onun fikirlərini öyrənmək maraqlı olardı.

Neynəmək olar? Heç bir müharibə Şəhidsiz, qansız-qadasız olmur. Dünya bilir ki, biz haqq savaşı, 30 ilə yaxın müddət ərzində erməni faşistləri tərəfindən işğal olunmuş ərazilərimizi azad etmək üçün vuruşurduq. Bizim heç kəsin torpağında gözümüz yoxdur. Lakin müqəddəs kitabımızda – Quranda deyildiyi kimi –  “Sizinlə vuruşanlara qarşı siz də Allah yolunda vuruşun! (Bəqərə surəsi, 190) Biz də haqq savaşımızda qalib olduq. Torpaqlarımızı qəhrəman oğullarımızın canı-qanı bahasına azad etdik. İndi işğaldan azad edilmiş topraqlarda dalğalanan bayraqlar Şəhidlərimizin ruhunu oxşayır…

***

Noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olan Sahibi indi doğma Ərkivan torpağı Ana kimi əzizləyir…

Sahib Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə”, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən isə “Xocavəndin azad olunmasına görə” medalları və 15.12.2020-ci il tarixli Sərəncamına əsasən “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Biz bu möhtəşəm qələbimizi Şəhidlərimizə, Qazilərimizə, Müharibə veteranlarımıza borcluyuq! Şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyirik! Bu məqaləni isə şair İbrahim İlyaslının misraları ilə bitirmək istəyirəm:

Azərbaycan adını sinənizdən asdınız,

Yeni tarix yaradıb, yeni dastan yazdınız.

Qazi hüzurlarıdır daha səcdə yerimiz,

Şəhid məzarlarıdır ən müqəddəs andımız.

Adınızla tarixə möhürləndi bu payız,

Qarşınızda bir ömür sayqı duruşundayız!

 

Şəhidlərimizin xatirəsinə sayğı ilə

Professor Rəsmiyyə Sabir

 

Mənbə: Azərbaycan.media