🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Azərbaycandakı saytların əksəriyyətində giriş problemi – səbəb “Cloudflare”in nasazlığıdır

Azərbaycan.media xəbər verir ki, artıq bir saata yaxındır Azərbaycandakı bir sıra sayt və agentliklərə girişdə çətinlik yaşanır. Məlumata görə, problemin mənbəyi qlobal miqyasda fəaliyyət göstərən “Cloudflare” sistemindəki nasazlıqdır.

“Downdetector”un məlumatına əsasən, problem dünya üzrə – ABŞ, Avropa və Asiya da daxil olmaqla – müxtəlif regionlardan minlərlə istifadəçi tərəfindən qeyd olunub.

İKT üzrə ekspert Osman Gündüz sosial şəbəkədə paylaşımında bildirib ki, problemlər bulud texnologiyasındakı genişmiqyaslı nasazlıqla bağlıdır: “Cloudflare”in qlobal infrastrukturu üzrə bugünkü genişmiqyaslı nasazlıq nəticəsində dünyanın müxtəlif ölkələrində bir çox saytlar açılmır və “Cloudflare Error” tipli xətalar görünür. Azərbaycan resursları da eyni səbəbdən müvəqqəti əlçatmazdır. Saytların özündə və serverlərində problem yoxdur; çətinlik trafikin “Cloudflare” üzərindən keçməməsi ilə bağlıdır. Problemin qısa zamanda həll olunacağı gözlənilir.

“Cloudflare” şirkəti qısa açıqlama verərək problemin səbəbinin araşdırıldığını və xidmətin bərpası üzərində iş getdiyini bildirib.

Qeyd edək ki, “Cloudflare” internet saytlarının təhlükəsizliyini və sürətini təmin edən qlobal şəbəkədir. Onun funksiyalarına DDoS hücumlarından qoruma, DNS serverlərinə çıxış və saytların yüklənmə sürətinin optimallaşdırılması daxildir. Müxtəlif qiymətləndirmələrə görə, internetdəki saytların təxminən 20%-i “Cloudflare”in xidmətlərindən istifadə edir. Bu səbəbdən şirkətdəki hər hansı nasazlıq qlobal təsir göstərir.