Azərbaycan.media xəbər verir ki, Balakən rayonunun Beretbinə kəndində çobanlıqla məşğul olan şəxs su arxına yıxılaraq ölüb. Hadisə barədə bölgə müxbirlərinin məlumatına görə, 58 yaşlı Katex kənd sakini İsmayıl Balayev kənd ərazisində özünə və bir neçə nəfərə məxsus xırdabuynuzlu heyvanları otararkən yol kənarından keçən su kanalına başıaşağı düşüb.
İlkin ehtimallara əsasən, İsmayıl Balayev suda boğularaq dünyasını dəyişib. Ölüm səbəbinin dəqiq müəyyənləşdirilməsi üçün meyitdən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Balakən rayon şöbəsində nümunələr götürülərək laborator analizə göndərilib.
Mərhumun yaxınları bildiriblər ki, subay olan İsmayıl Balayev uzun müddət Rusiya Federasiyasında yaşayıb və təxminən beş il əvvəl doğulduğu Katex kəndinə qayıdıb. O, son iki ilə yaxındır kənddə çobanlıq edirdi.
Faktla bağlı Balakən Rayon Prokurorluğunda araşdırma aparılır.
