Azərbaycan.media xəbər verir ki, noyabrın 18-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Özbəkistan Gənc Tamaşaçılar Teatrının hazırladığı “Муха-Цокотуха” adlı musiqili tamaşa təqdim edilib.
Teatrın mətbuat katibinin AZƏRTAC-a verdiyi məlumata görə, tamaşa iki teatr arasında mədəni əməkdaşlığa dair imzalanmış memorandum çərçivəsində səhnələşdirilib. Quruluşçu rejissor Əməkdar artist Malika İskandarova, quruluşçu rəssam Yevgeniya Biserova, bəstəkar isə Baxodir Zokirov olub.
Tamaşa başlamazdan əvvəl rejissor, Əməkdar artist Nicat Kazımov çıxış edərək Özbəkistan teatrının yaradıcı heyətini və tamaşaçıları salamlayıb. Ardınca tamaşanın quruluşçu rejissoru Malika İskandarova səhnəyə dəvət edilərək bu əməkdaşlığın mədəni və yaradıcılıq baxımından önəmini vurğulayıb.
Korney Çukovskinin nağılı əsasında hazırlanan tamaşa uşaqların böyük marağı və sevincilə qarşılanıb. Səhnə əsərində Fayzulla Askarov, Abdullax İsmoilov, Şaxnoza Sultanova, Şerzod Axmedov, Feruza Atakuziyeva, Firuz Xudayberdiev, Uluqbek Rustamov, Nargiz Rustamova, Dilnavoz İsmatullaeva və Dilnavoz Axmedova iştirak ediblər.
