Azərbaycan.media xəbər verir ki, növbəti altı ay ərzində Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin Ermənistana bir sıra səfərləri planlaşdırılır. Bu səfərlər iki ölkə arasında başlanmış ikitərəfli dialoq prosesinin davamı kimi nəzərdə tutulur.
Bu barədə Report-a açıqlamasında Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədov məlumat verib. O bildirib ki, Azərbaycan nümayəndə heyətinin oktyabrın 22-də Ermənistana səfəri daha geniş əməkdaşlıq proqramının tərkib hissəsidir.
“Bizim səfərimiz təsadüfi olmayıb. Bu, qarşılıqlı səfərləri əhatə edən davamlı fəaliyyətin bir hissəsidir. Qarşıdakı altı ayda Ermənistana bir neçə dəfə səfər edəcəyimiz gözlənilir. Ola bilsin ki, bu səfərlər təkcə paytaxtla məhdudlaşmayacaq, müxtəlif bölgələri də əhatə edəcək”, – deyə F.Məmmədov vurğulayıb.
Onun sözlərinə görə, Ermənistan nümayəndə heyətinin Azərbaycana səfəri də ilin sonuna qədər planlaşdırılıb və artıq konkret tarixlər müəyyənləşdirilib.
“Proses yaxın günlərdə həyata keçiriləcək. İctimaiyyət səfərlərin gedişi, müzakirələr və əldə olunacaq nəticələr barədə vaxtında məlumatlandırılacaq. Bizim üçün yalnız görüşlər deyil, real nəticələr, müzakirə olunacaq mövzular və həyata keçiriləcək layihələr önəmlidir”, – o qeyd edib.
Fərhad Məmmədov əlavə edib ki, Ermənistan nümayəndə heyəti Azərbaycanda işçi qrupları və yüksək vəzifəli hökumət rəsmiləri ilə görüşlər keçirəcək..
