Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyev Oman Sultanı Heytəm bin Tariq Al Səidə Oman Sultanlığının milli bayramı münasibətilə təbrik məktubu göndərib.
Dövlət başçısı məktubunda Sultanı və dost Oman xalqını səmimi şəkildə təbrik edərək onlara rifah, əmin-amanlıq və inkişaf arzulayıb. Prezident İlham Əliyev Sultan Heytəmi şəxsi həyatı və fəaliyyətində uğurlar diləyib.
Azərbaycan Prezidenti həmçinin Latviya Prezidenti Edqars Rinkeviçsə ölkəsinin milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Təbrikdə dövlət başçısı Azərbaycan-Latviya əlaqələrinin möhkəm dostluq ənənələrinə söykəndiyini, iki ölkə arasında səmərəli əməkdaşlığın genişlənməsi üçün yaxşı imkanların mövcud olduğunu vurğulayıb. Prezident İlham Əliyev gələcəkdə də bu münasibətlərin inkişafı üçün birgə səylərin davam etdiriləcəyinə əminliyini ifadə edib.
Dövlət başçısı Latviya Prezidentinə möhkəm cansağlığı, xoşbəxtlik və işlərində uğurlar, Latviya xalqına isə daim firavanlıq və əmin-amanlıq arzulayıb.
