Azərbaycan.media xəbər verir ki, Cənubi Qafqazda sülh gündəminin canlandığı bir vaxtda, Türkiyə-Ermənistan münasibətləri və regiondakı yeni nəqliyyat marşrutları beynəlxalq və yerli siyasi müzakirələrin diqqət mərkəzindədir. Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra formalaşan yeni geosiyasi reallıqlar, xüsusən Zəngəzur dəhlizi, region ölkələrinin və daha geniş Avrasiya məkanının strateji maraqlarına təsir göstərir.
Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması və kommunikasiya xətlərinin bərpası məsələsi hələ də gündəmdədir. Hər iki prosesin uğuru ikitərəfli danışıqlara və birbaşa Azərbaycanın mövqeyinə bağlıdır. Ankara isə bu məsələdə Bakının maraqlarını hər zaman prioritet hesab etdiyini vurğulayıb.
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Modern.az-a açıqlamasında bildirib ki, sərhədlərin açılması və Zəngəzur dəhlizi istiqamətində atılacaq addımlar yalnız Azərbaycanın razılığı ilə həyata keçiriləcək:
“Hər addımı Azərbaycanla birlikdə atırıq. Azərbaycan nə vaxt razılıq versə, o zaman da Türkiyə və Ermənistan sərhədləri açılacaq”, – nazir deyib.
Zəngəzur dəhlizi ilə bağlı suala cavab olaraq Uraloğlu qeyd edib ki, bütün istiqamətlərdə işlər davam edir və Ermənistan tərəfi üçün Zəngəzurda görülən işlər heç bir problem yaratmır:
“Hər şey Azərbaycandan asılıdır. Azərbaycan nə qərar verirsə, biz onun yanındayıq və həmin qərara uyğun addımlar atırıq”.
Nazir əlavə edib ki, bu məsələlər davamlı şəkildə müzakirə olunmaqdadır və tərəflər arasındakı dialoq aktivdir.
