🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Əli Həsənov Əvəz Zeynallının irəli sürdüyü iddialara sərt cavab verib

 

Azərbaycan.media xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri, YAP Ağsaqqallar Şurasının üzvü Əli Həsənov Xural TV rəhbəri Əvəz Zeynallının onun ailəsi barədə səsləndirdiyi iddialara münasibət bildirib. Sabiq komitə sədri musavat.com-a əlyazma formasında göndərdiyi təkzibində söylənilənlərin ailəsinə qarşı açıq şər-böhtan olduğunu vurğulayıb.

Əli Həsənov bildirib ki, Əvəz Zeynallı əsassız şəkildə onun ailəsinin Ramiz Mehdiyevin ailəsi ilə erməni dilində ünsiyyətdə olduğunu iddia edir və bunu guya Badamdarda villa tikintisində çalışan fəhlənin dediklərinə əsaslandırır:

“Xural TV-nin rəhbəri Əvəz Zeynallı Ramiz Mehdiyevdən danışarkən mənim ailəmin guya Mehdiyevin ailəsi ilə erməni dilində danışdığını deyir və bunu hansısa fəhləyə istinadən bildirir. Sonra özü də etiraf edir ki, bilmir həmin fəhlə sağdır, ya yox. Mənim ailəm nə Ramiz Mehdiyevin ailəsini görüb, nə də erməni dilində bir kəlmə bilir. Badamdarda heç bir villam yoxdur. Ailəm Qarabağlıdır – Ağcabədidə doğulub. Bu deyilənlər tamamilə şər və böhtandır. Əvəz Zeynallı mənə qarşı bu cür böhtanları ilk dəfə deyil səsləndirir və bunların sifarişlə edildiyi açıq-aşkardır”.

22 il ərzində məcburi köçkünlərin məsələləri ilə məşğul olan quruma rəhbərlik etdiyini xatırladan Həsənov əlavə edib ki, bu dövrdə mətbuatda onunla bağlı müxtəlif təxribat xarakterli yazılar dərc olunub:

“Ulu Öndər Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq qaçqın və məcburi köçkünlər arasında ictimai-siyasi sabitliyin qorunması üçün ciddi tədbirlər görmüşəm. Haqqımda yazılan böhtanlara cavab vermirdim, çünki onların sifarişlə hazırlandığını bilirdim və məqsəd məhz həmin sabitliyi pozmaq idi. Lakin bu dəfə cavab verməyə məcbur oldum, çünki deyilənlər ailəmə qarşı ağlasığmaz və yolverilməz böhtandır”.

Sabiq sədr vurğulayıb ki, ailə müsəlmanlar üçün müqəddəs dəyərdir və kiminsə ailəsinə qarşı böhtan atmaq nə etik, nə də insani baxımdan qəbulolunandır:

“Başqasının ailəsinə şər-böhtan atmaq heç kimə başucalığı gətirmir və bu cür davranış heç bir çərçivəyə sığmır”.