Sirr, möcüzə – Mirmövsüm Ağa…- Fuad Biləsuvarlı yazır

Bəzən insan taleyinə elə bir işıq düşür ki, o işıq yalnız bir bədənə deyil, bütöv bir xalqa nur saçır. O nur bəzən bir alimin kəşfində, bəzən bir şairin misrasında, bəzən də bir müqəddəsin baxışlarında təcəlli edir. Bu baxışların içində ən çox tanınan, ən çox sevilənlərdən biri Mirmövsüm Ağa idi.

Seyidlər – peyğəmbər nəslindən gələn müqəddəs insanlar – hər zaman xalqın qəlbində, yaddaşında bir işıq kimi yaşayır. Onlara yalnız hörmətlə yanaşılmır, həm də qəlbən inam bəslənilir. Mirmövsüm Ağa da həmin nurani nəsildən idi. Seyidəli Mirabutalıb oğlu Mirmövsümzadə adı ilə dünyaya göz açsa da, hələ uşaq çağlarından “Mirmövsüm Ağa” kimi tanınıb, bu adla yaddaşlara yazılıb. El arasında onu bir başqa adla da çağırırdılar – Ətağa. Hər iki adın arxasında dərin bir sevgi, ehtiram və inam vardı.

Dünyaya fiziki qüsurlu gəlmişdi. Sümükləri zəif inkişaf etdiyinə görə sərbəst hərəkət etmək onun üçün mümkün deyildi. Amma bu zahiri məhdudiyyətin arxasında ilahi bir qüvvə gizlənmişdi. Ailəsi hiss edirdi ki, bu uşaq adi deyil – onda bir müqəddəslik ətri, sirli bir güc var. Bir gün kiminsə başı ağrayanda, o, sadəcə əlini başına qoyur və ağrı dərhal kəsilirdi. Bu hadisə bir dəfə deyil, dəfələrlə təkrarlandıqca insanlar başa düşürdülər ki, bu uşaq Allahın xüsusi seçdiyi bəndədir. Söhbət-söhbət doğurur, xəbər kənddən kəndə, şəhərdən şəhərə yayılır. İnsanlar axın-axın gəlir, mübarək uşağın duasından şəfa tapır, ağrılarından qurtulurdu.

İndi Bakının Şüvəlan qəsəbəsindəki Mirmövsüm Ağa ziyarətgahı dünyanın ən çox ziyarət olunan müqəddəs məkanlarından biridir. Hər gün, hər saat buraya insanlar gəlir. Kimi şəfa axtarır, kimi ruzi, kimi övlad, kimi də sadəcə bir parça aram, bir udum ruhani rahatlıq. Mirmövsüm Ağa sağlığında da belə idi – onu görmək, üzünə baxmaq, duasını almaq belə bir xoşbəxtlik sayılırdı. O, insanlara ümid verirdi. Onun əllərində ilahi bir güc, sözlərində isə bir şəfa vardı.

Azərbaycan televiziyasının qızıl fonduna daxil olan sənədli film onun və ziyarətgahının həyatından bir ruhani səhnələr toplusudur. Hər dəfə efirə veriləndə tamaşaçılar kövrəlir. Hər kadrda bir dua, hər səhnədə bir möcüzə hiss olunur. Bu film yalnız tamaşa deyil – bir daxili səyahət, bir ruhani təcrübədir.

Mirmövsüm Ağa səhhətinə görə ailə həyatı qura bilməmişdi. Ömrü boyu yanında olan bacısı isə bütün həyatını ona xidmətə həsr etmişdi. Onun qayğısı, fədakarlığı və sevgisi ziyarətgaha gələn hər kəsin hiss edə biləcəyi qədər güclü idi. Sanki Ağanın ruhu bu məkanın hər daşında, hər pəncərəsində yaşayırdı.

O, bu dünyadan köçəndən 75 il keçib, amma elə bil, hələ də buradadır. Dua edənlərin, ümid edənlərin arasında dolaşır, onlara aram verir, səssizcə qucaqlayır. Müqəddəs günlərdə, bayramlarda, xüsusilə Ramazan və Məhərrəm aylarında ziyarətgah insan selinə çevrilir. Minlərlə insan gəlir, dualar oxuyur, niyyət edir, qurbanlar gətirir. Hər birinin gözündə bir işıq, bir sevinc var.

Mən özüm də dəfələrlə bu möcüzəni yaşamışam. Çətin anlarda, içimdə bir qaranlıq olduğunda yolumu bu ziyarətgaha salmışam. Sidq-ürəklə namaz qılıb dua etmişəm. Hər dəfə oradan ruhən yüngülləşmiş, arxayın halda ayrılmışam. Bəzən fiziki olaraq gedə bilmədiyimdə də onu qəlbimlə çağırmışam – “Ağa, kömək ol!” – və hər dəfə nəticə eyni olmuşdur: çətinliklər həll olunmuş, qapılar açılmış, işlər yoluna qoyulmuşdur.

Yazını hazırlayarkən böyük şairimiz Nəbi Xəzrinin oğlu Arzu Babayevdən bir əhvalat eşitdim. Atası İkinci Dünya Müharibəsi illərində İrəvanda xidmət edərkən ağır xəstələnir. Tibbi xidmət onu müalicə edə bilmir və ordudan tərxis edilir. Xırdalan vağzalına çatanda bibisi onu tanımır, amma sonra tanıyır və ağlayaraq sarılır. Daha sonra Mirmövsüm Ağanın yanına aparılır, əlini başına çəkir, çörəyini yediyi yeməyə batıraraq ona verir. O tikəni yeyir, qızdırma kəsilir və şəfa tapır. Bu tək bir hadisə deyil; minlərlə belə möcüzə dolu əhvalat var, hər birinin arxasında nur və dua dayanır.

Hər dəfə Şüvəlana gedəndə, ziyarətgahın qapısından içəri keçəndə insanın içini qəribə bir hüzur bürüyür. Sanki bütün dünyanın səsi kəsilir, yalnız qəlbin səsi qalır. Mirmövsüm Ağa təkcə bir insan deyildi – o, sirr idi, möcüzə idi, mərhəmətin təcəssümü idi. Onun ruhu bu torpaqda yaşayır, hər dua edənə arxa durur, hər ümid edənə yol açır. Ziyarətgahına baş çəkən heç kim boş dönmür; kim səmimi gəlirsə, o, mütləq aradığını tapır.

Ruhun şad olsun, Mirmövsüm Ağa! Əbədi nurunla xalqına işıq saç, dua edənlərin üzünü ağ elə!

 

 

Müqəddəs məkana getmişdim yenə

 

Fikirlə canımı üzdüyüm vaxtda,

Həyatdan yorulub küsdüyüm vaxtda,

Bu fani dünyadan bezdiyim vaxtda

Müqəddəs məkana getmişdim yenə.

 

Qapısını açanda rahat olduğum,

Bir az kövrəldiyim, bir az dolduğum,

Cəddindən özümə qüvvət aldığım

Müqəddəs məkana getmişdim yenə.

 

Möcüzə dediyim pirdi bu yerin,

Ruhumu dincəldən yerdir bu yerin.

Ay Allah, nə yaxşı vardı bu yerin —

Müqəddəs məkana getmişdim yenə.

 

Bir halal qız ilə qovuşmaq üçün,

Qəmdən uzaqlaşıb sovuşmaq üçün,

Ağaya dərdimi danışmaq üçün

Müqəddəs məkana getmişdim yenə.

 

Ən gözəl günlərim tez gəlsin deyə,

Taleyim üzümə hey gülsün deyə,

Dərdimi tək elə o bilsin deyə

Müqəddəs məkana getmişdim yenə.

 

Ey dağlardan uca Mir Mövsüm Ağa!

Canım sənə olsun qurban, sadağa.

Arzuya, diləyə bir-bir çatmağa

Müqəddəs məkana getmişdim yenə.

 

 

Müəllif: Fuad BİLƏSUVARLI, AYB və AJB üzvü, Prezident və Həsən bəy Zərdabi mükafatçısı

 

Mənbə: Azərbaycan.media