Həkim: “Antibiotiki özbaşına qəbul etmək təhlükəlidir – viruslara heç bir təsiri yoxdur”

 

 

Azərbaycan.media xəbər verir ki, havaların soyuması ilə yanaşı, qrip və digər virus xəstəlikləri artıb. Bununla bağlı bir çox insan immuniteti gücləndirmək məqsədilə antibiotik və müxtəlif vitaminlərə üz tutur. Lakin həkim məsləhəti olmadan qəbul edilən antibiotiklər ciddi fəsadlara yol aça bilər.

Həkim-farmakoloq, tibb eksperti Aydın Əliyev “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, antibiotiklərin bədəndə müxtəlif allergik reaksiyalar yaratmaq riski yüksəkdir:

“Antibiotik bakteriyaların əleyhinə təsir edən maddədir. Burada söhbət viruslardan deyil, məhz bakteriyalardan gedir. Antibiotiklər müxtəlif xəstəliklərdə tətbiq olunur, hətta onkoloji xəstələrdə yaranan infeksiyaların müalicəsində belə istifadə edilir. Eyni zamanda ən çox allergik reaksiya verən dərmanlar da elə antibiotiklərdir. Xüsusilə penisilin qrupuna qarşı allergiya geniş yayılıb”.

Aydın Əliyev qeyd edib ki, payız mövsümündə çoxları qripə qarşı təsirsiz olmasına baxmayaraq antibiotik qəbul etməyə başlayır:

“Antibiotiklər viruslara təsir etmir və qripin müalicəsində heç bir rolu yoxdur. Antibiotik mikrobların – bakteriyaların – çoxalmasını dayandırır və ya onları məhv edir, lakin bu zaman orqanizmə də müəyyən zərərli təsirlər göstərə bilər. Qıcıqlandırıcı təsirlər və allergik reaksiyalar yarada bilər”.

Mütəxəssis xəbərdarlıq edib ki, antibiotik yalnız həkim təyinatı ilə qəbul edilməlidir:

“Ölkəmizdə dərmanların reseptsiz satışı dayandırılmalıdır. Özbaşına dərman qəbulu ciddi təhlükələr yaradır”.