Azərbaycan.media xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası “Avtomobil nəqliyyatı xidməti haqqında müqavilənin bağlanılması üçün müntəzəm marşrutlar üzrə avtomobil nəqliyyatı xidməti göstərəcək avtomobil nəqliyyatı vasitələrinə dair tələblər”i təsdiqləyib. Bununla bağlı nazir Rəşad Nəbiyev yeni qərar imzalayıb.
Qərara əsasən, tələblər Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərləri və Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarında müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcıların avtomobil nəqliyyatı vasitələrinə aiddir.
Yeni tələblərə əsasən avtomobillər:
- Gediş haqqını elektron qaydada ödəmək üçün ödəniş alətinə malik olmalıdır;
- Sərnişin sayğacına sahib olmalıdır;
- Sıxılmış təbii qaz və dizel mühərrikli avtomobillərin yürüş həddi 1 milyon km, elektrik mühərrikli avtomobillərin yürüş həddi isə 1,2 milyon km-dən artıq olmamalıdır;
- Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq olmamalıdır;
- Elektrik mühərrikli avtomobillər təkrar doldurula bilən və ya əvəz oluna bilən batareyalarla təmin edilməlidir.
Qərar 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək. Nazirliyin Hüquq şöbəsinə 3 gün ərzində bu qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil etmək üçün Ədliyyə Nazirliyinə təqdim etmək tapşırılıb.
