Azərbaycan.media xəbər verir ki, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, əməkdar artist Yadigar Muradovun oğlu Yaşar Muradov atası barədə son vəziyyəti açıqlayıb.
Yaşar Muradov bildirib ki, dörd gündür atalarını Milli Onkologiya Mərkəzindən Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzinə köçürüblər. Onun sözlərinə görə, atanın səhhətində hər hansı ciddi dəyişiklik yoxdur, lakin beyinə gedən qan damarlarının sıxılması səbəbindən qanaxma baş verib. Bu damarların sıxılmasına isə boğazında olan şişlər səbəb olub.
“Milli Onkologiya Mərkəzində bildirildi ki, o artıq onların xəstəsi sayılmır və burada saxlamağın mənası yoxdur. Onun bədən hərəkətləri bərpa olunmalıdır ki, şişlərlə bağlı yenidən əməliyyat edilə bilsin. Ona görə də onu Binəqədi Tibb Mərkəzinə köçürdük. Hazırda müalicəsi davam edir. Sifətində ağrılara qismən reaksiya olsa da, əl və qolu hərəkətsizdir. Beyin tam ölməyib, az da olsa reaksiya var, gözünü açır, ətrafa baxır, amma bədən tam hərəkətsizdir və danışa bilmir. Vəziyyəti çox ağır qiymətləndirilir”, – deyə Y.Muradov əlavə edib.
