Azərbaycan.media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının iştirakçılarına müraciətində ölkəmizin informasiya-kommunikasiya texnologiyaları sahəsindəki nailiyyətlərini təqdim edib.
Dövlət başçısı bildirib ki, Azərbaycan 100 faizlik genişzolaqlı internet əhatə dairəsi ilə regionda lider mövqedədir və rəqəmsal şəxsiyyət sahəsində də qabaqcıl ölkələr sırasındadır.
Prezident qeyd edib ki, “SİMA” adlı biometrik rəqəmsal imza sistemi artıq 3,6 milyon istifadəçi tərəfindən qəbul olunub və 80-dən çox dövlət informasiya sisteminə inteqrasiya edilib. “Təsadüfi deyil ki, Azərbaycan BMT-nin “Elektron Hökumətin İnkişafı İndeksi”nin ən yüksək kateqoriyası qrupuna daxil olmuşdur. Məqsədimiz növbəti beş il ərzində bu indeksdə ilk 40 ölkə sırasında yer almaqdır”, – deyə İlham Əliyev əlavə edib.
