Azərbaycan.media xəbər verir ki, Ermənistan Baş naziri Administrasiyasının rəhbəri Araik Arutyunyan İrəvanda keçirilən “Orbeli: Sülh və çoxtərəfli əməkdaşlığın qurulması” Forumunda regionda sülhün və əməkdaşlığın vacibliyindən danışıb.
O bildirib ki, sülh təkcə dayanıqlı inkişafın məqsədi deyil, həm də onun əsas ilkin şərtidir.
Arutyunyanın sözlərinə görə, avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin paraflanması region üçün dönüş nöqtəsi olub:
“Bu hadisə davamlı sülh və qarşılıqlı etimadın yeni səhifəsinin açılması üçün real əsaslar yaradıb. Məmnuniyyətlə deyə bilərəm ki, sülh prosesi artıq əməli nəticələr verməkdədir. Bu gün Azərbaycan və Türkiyədən vətəndaş cəmiyyəti və media nümayəndələrinin bu platformada iştirak etməsi də bunun göstəricisidir”.
O əlavə edib ki, regionda yolların açılması, sülhün bərqərar olması və yaranmış tarixi imkanın tam reallaşdırılması Cənubi Qafqazda sabitliyi təmin etməklə yanaşı, xalqlararası əlaqələrin inkişafına və iqtisadi artıma müsbət təsir göstərəcək:
“Əminik ki, sülh və açıq ünsiyyət Cənubi Qafqazı bazarları, mədəniyyətləri və xalqları birləşdirən qlobal körpüyə çevirə bilər”.
Qeyd edək ki, forum avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması fonunda Cənubi Qafqazda yaranmış yeni vəziyyətin müzakirəsinə həsr olunub. Ermənistan Baş naziri Nikol Paşinyan da tədbirdə çıxış edib.
