🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Zəfər Günü tədbiri ilə əlaqədar Bakıda bir sıra yollar bağlanacaq – məhdudiyyət siyahısı

Azərbaycan.media xəbər verir ki, 8 Noyabr – Zəfər Günü ilə bağlı keçiriləcək tədbirə hazırlıq məqsədilə paytaxtda bir sıra küçə və prospektlərdə hərəkət məhdudlaşdırılacaq.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, noyabrın 5-i və 6-sı tarixlərində saat 10:00-dan 16:00-dək aşağıdakı ərazilərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq:

  • Bakı Su İdman Sarayından, Teleteatr binasının yanından və Şeyx Şamil küçəsindən Azneft dairəsi istiqamətinə,

  • Neftçilər prospekti, Zərifə Əliyeva, Üzeyir Hacıbəyli və 8 Noyabr prospektinin bir hissəsi,

  • Ağ Şəhər Bulvarı, Xətai Rüstəmov küçəsindən Yusif Səfərov küçəsinə qədər olan hissələrdə.

DYP sürücülərə alternativ hərəkət istiqamətlərindən istifadə etməyi tövsiyə edir. Paytaxtın cənub giriş qapısından gələn nəqliyyat vasitələri “Azneft” və “Neftçilər” dairələrinə Bakı–Salyan yolunun 14-cü kilometrliyindən Lökbatan dairəsi istiqamətində üçüncü kənar dairəvi yolla “20 Yanvar” və ya Yeni Yasamal istiqamətindən keçməklə hərəkət edə bilərlər.

20-ci sahə və Bayıl qəsəbəsində yaşayan sakinlər isə daxili yollar vasitəsilə Qurban Abbasov küçəsindən Teymur Elçin, Mehdi Hüseyn və Lermontov küçələrinə çıxaraq mərkəz istiqamətinə hərəkət edə bilərlər.

Şəhərin mərkəzindən Xətai və Nizami rayonlarına doğru gedən sürücülərə Şəmsi Bədəlbəyli, Azadlıq prospekti, Nizami və Yusif Səfərov küçələrindən istifadə etmələri, H.Əliyev prospektindən Yasamal və digər istiqamətlərə gedənlərə isə Y.Səfərov, 28 May, R.Behbudov, Füzuli və A.Şaiq küçələri ilə hərəkət etmələri tövsiyə olunur.

“Məhdudiyyət tətbiq ediləcək küçə və prospektlərin giriş-çıxışlarında DYP əməkdaşları xidmət göstərəcək və nəqliyyat vasitələrini alternativ istiqamətlərə yönləndirəcəklər. Yol hərəkəti iştirakçılarından fərdi avtomobillərdən mümkün qədər az istifadə etmələri, şəhərin mərkəzinə isə yalnız ictimai nəqliyyatla hərəkət etmələri xahiş olunur”, – məlumatda qeyd edilib.