Azərbaycan.media xəbər verir ki, Pekində Çin Xalq Partiyasının sədri Si Cinpinlə Rusiya Baş naziri Mixail Mişustin arasında keçirilən görüşdən sonra birgə kommünike imzalanıb. Bu barədə APA-nın Moskva bürosu məlumat yayıb.
Sənədə əsasən, Rusiya və Çin bütün sahələrdə əməkdaşlığı genişləndirmək, eləcə də xarici çağırışlara birgə cavab vermək niyyətindədirlər.
Kommünikedə qeyd olunur ki, tərəflər İkinci Dünya müharibəsinin nəticələrinin yenidən qiymətləndirilməsinə və tarixin saxtalaşdırılmasına qarşı birgə mübarizə aparmağa hazırdırlar. Həmçinin Moskva və Pekin əsas milli maraqlara təsir edən məsələlərdə qarşılıqlı dəstək göstərməyi davam etdirəcəklər.
Sənəddə vurğulanır ki, Rusiya və Çin arasında hava səyahətlərinin genişləndirilməsi, eləcə də ticarət strukturunun təkmilləşdirilməsi planlaşdırılır. Tərəflər elmi-texnoloji innovasiyalar, süni intellekt, kosmik tədqiqatlar və yüksək texnologiyalar sahəsində əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəliblər.
Kommünikedə həmçinin qeyd olunur ki, Moskva və Pekin beynəlxalq təşkilatlarda fəaliyyətin siyasiləşdirilməsinə qarşı çıxmaq, BRICS və ŞƏT çərçivəsində əməkdaşlığı gücləndirmək niyyətindədirlər.
Tərəflər süni intellekt sahəsində əməkdaşlıq üzrə Ekspert Şurası yaratmaq və gələcəkdə Süni İntellekt üzrə Ümumdünya Təşkilatının formalaşdırılması istiqamətində birgə fəaliyyət göstərməyə hazır olduqlarını bəyan ediblər.
Bundan əlavə, Rusiya və Çin Arktikada sülh və sabitliyin qorunması, kosmik fəaliyyətin bütün sahələrində əlaqələrin genişləndirilməsi, Ay stansiyasının tikintisi və Ayın tədqiqat missiyalarının əlaqələndirilməsi üzrə əməkdaşlıq planlarını təsdiqləyiblər.
