Azərbaycan.media xəbər verir ki, “20 Yanvar” dairəsində təhlükəsizliyi artırmaq və hərəkət nizamını təmin etmək məqsədilə Müzəffər Həsənov, Həsən bəy Zərdabi və Rövşən Cəfərov küçələrinin dairə ilə kəsişmələrində 1.25 – “sarı tor” nişanlanma xətləri təşkil edilib.
Bu barədə məlumatı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yayıb.
Qurumdan bildirilib ki, “Yol hərəkəti haqqında” Qanunun 75-ci maddəsinin 2-ci hissəsinə əsasən, əgər yolayrıcında və ya yolun hərəkət hissələrinin kəsişmə yerində tıxac yaranarsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdə nəqliyyatın hərəkətinə maneə yaradırsa, belə kəsişmə yerlərinə daxil olmaq qadağandır.
“Bu məqsədlə ‘sarı tor’ çəkilir. ‘Sarı tor’ yolun hərəkət hissələrinin kəsişmə yerini göstərir. Beləliklə, ‘sarı kəsişmə torları’ yol kəsişməsində nəqliyyatın tıxanmasının qarşısını alır və kəsişməni hər zaman nəqliyyat üçün açıq saxlayır”, – deyə AYNA-nın məlumatında qeyd olunub.
