Azərbaycan.media xəbər verir ki, deputat Aqil Abbas sosial şəbəkələrdə yayılan “Qarabağlılar Qarabağa qayıtmaq istəmirlər” iddialarına münasibət bildirib. O, Bakıvaxtı.az-a açıqlamasında bu iddiaların əsassız olduğunu deyib.
“Kim geri qaytmır, niyə qayıtmır?! Bunlar mənasız söz-söhbətlərdir. Mənə Ağdamda ev versələr, sevindiyimdən papağımı göyə ataram. Ailəm ilə gedib Ağdamda yaşayaram”, – deyə deputat vurğulayıb.
Aqil Abbas əlavə edib ki, onun qardaşı artıq Ağdama yaxın kənddə yaşayır və ev veriləcəyi günü səbirsizliklə gözləyir:
“Bir qardaşım Bakıda olurdu, bir ildən çoxdur ki, Ağdama yaxın kənddə yaşayır ki, ev veriləndə ora köçsün. Özü də polkovnikdir. Hamı getmək istəyir. Mənə çoxsaylı müraciətlər olunur. Ora getmək istəyənlər çoxdur. Gedəndə də buradakı mənzillərini Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə təhvil verirlər. Komitə isə onları Dövlət Sosial Müdafiə Fonduna təqdim edir. Məlumatı dəqiqləşdirmədən yaymaq olmaz”.
Deputat bildirib ki, artıq bəzi kəndlərdə yaşayış başlayıb, evlər üçün isə böyük maraq var:
“Ağdamın 3 kəndi hazırdır, ikisində yaşayış var, indi Xıdırlıya da köç başlayıb. Hamı ağac, gül əkir. Sarıcalıya dostum Vidadi Abbasovgilə getmişdim. Ev gördüsü etdik, o evdə çörək kəsdik. Həyətində ağac, gül, tərəvəz əkib. Qarabağda həyat qaynayır”.
