Azərbaycan.media xəbər verir ki, Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsi ərazisində sursat aşkarlanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb olunub. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə təhlükəsizlik tədbirləri görüldükdən sonra aparılan baxış zamanı aşkarlanmış sursatların 2 ədəd OF-350 tipli 76 millimetrlik yivli top mərmisi olduğu müəyyən edilib.
Mərmilər XRXX-nin mütəxəssisləri tərəfindən zərərsizləşdirilmək üçün ərazidən götürülərək təhlükəsiz şəkildə kənarlaşdırılıb.
Əlavə axtarış tədbirləri nəticəsində hadisə yerində və yaxın ərazidə başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkarlanmayıb.
