🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Əfqanıstanda güclü zəlzələ: 27 nəfər həlak olub, onlarla yaralı var

Azərbaycan.media xəbər verir ki, Əfqanıstanın Hindukuş dağlarında 6,3 bal gücündə zəlzələ baş verib. Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri 500 mindən çox insanın yaşadığı Məzari-Şərif şəhərindən 37 kilometr şimal-qərbdə, 10 kilometr dərinlikdə yerləşib.

İlkin mərhələdə tələfat və dağıntı barədə məlumat verilməsə də, sonradan zəlzələnin ciddi nəticələrə səbəb olduğu açıqlanıb. Taliban hökumətinin Bədən Tərbiyəsi və İdman İdarəsinin sədri Maulvi Əhmədullah Vasiqin sözlərinə görə, hadisə nəticəsində azı 20 nəfər ölüb, 140-dan çox insan yaralanıb.

Ən böyük dağıntılar və tələfat Samanqan və Bəlx əyalətlərinin şimalında, xüsusən də Daşkurqan şəhərində qeydə alınıb.

“Bakhtar Nyus” dövlət agentliyinin son məlumatına əsasən, zəlzələ nəticəsində həlak olanların sayı 27 nəfərə çatıb. Axtarış-xilasetmə işləri davam etdirilir.