Azərbaycan.media xəbər verir ki, Rusiyanın təkrar mənzil bazarında ən bahalı mənzil Moskvada təxminən 4 milyard rubla (təxminən 84 milyon 104 min manata) satılıb.
Publika.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə daşınmaz əmlak bazarı üzrə ekspertlər məlumat yayıb.
Daşınmaz əmlak agentliyinin sahibi Qriqori Aşıxmin bildirib ki, indiyədək satılan ən bahalı penthausun qiyməti 50 milyon dollar (təxminən 85 milyon manat) təşkil edib. Onun sözlərinə görə, bu mənzil Moskvanın mərkəzində yerləşir, 974,7 kvadratmetr sahəyə malikdir və “Art Deko” üslubunda bəzədilib. Mənzil tam mebellidir, kaminlə təchiz olunub və yüksək komfort səviyyəsi ilə seçilir.
Bununla yanaşı, Sankt-Peterburqda təkrar bazarda ən bahalı yaşayış evi 2,2 milyard rubldan (təxminən 46 milyon 257 min manat) baha satılır. Beş otaqlı, 317 kvadratmetrdən böyük olan bu penthaus “ağıllı ev” sistemi ilə təchiz edilib, təxminən 100 kvadratmetrlik mətbəx-yemək-yaşayış sahəsinə, idman zalına, saunaya və şəhərə panoramik mənzərə təqdim edən 240 kvadratmetrlik terrasə malikdir.
