🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Sabunçu Dəmir yol vağzalında “Qara qızılın saldığı dəmir yollar” adlı fotosərgi açılıb


Azərbaycan.media xəbər verir ki, Sabunçu Dəmir yol vağzalının sərnişinləri növbəti günlərdə buradan keçərkən “Qara qızılın saldığı dəmir yollar” adlı fotosərgi ilə tanış ola biləcəklər.

“APA-Economics”in məlumatına görə, vağzalın üst mərtəbəsində açılan sərgi Azərbaycanın sənaye tarixində mühüm yer tutan iki sahənin – neft və dəmir yollarının bir-birini tamamlayan inkişaf yolunu əks etdirir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin 145 illik yubileyinə həsr olunan fotosərgi “Balakhani Operating Company” ilə birgə təşkil edilib. İzləyiciləri tarixi səyahətə aparan sərgi XIX əsrin sonlarında Azərbaycanda neft hasilatının nəqliyyat sisteminin inkişafına təkan verdiyini xatırladır. Məhz bu zərurətdən irəli gələrək 1880-ci ildə ilk dəmir yolu – Bakı–Sabunçu–Suraxanı xətti istifadəyə verilib. Bu qatarlar dünyada ilk dəfə nefti vaqon-sisternlərlə daşıyaraq tarix yazıblar. Həmin xətlərdən həm neft, həm də sərnişin daşımaları həyata keçirilirdi — Abşeronun mədənlərində çalışan minlərlə neftçi və ailələri bu qatarlarla şəhərə gedib-gəlirdilər.

Tarixi Sabunçu vağzalında – hazırkı Dəmir yol Muzeyində baş tutan açılış mərasimində “Balakhani Operating Company”nin prezidenti Rövşən Rzayev qeyd edib ki, neftçilərlə dəmiryolçuların peşəkar yolları bu günədək sıx bağlıdır. Onun sözlərinə görə, hazırda Sabunçu və Suraxanı rayonlarındakı mədənlərdə çalışan işçilərin 10 faizdən çoxu işə qatarla gedib-gəlir.

“Qara qızılın saldığı dəmir yollar” fotosərgisində nümayiş olunan tarixi fotoların əksəriyyəti ilk dəfə olaraq Milli Arxivin materialları əsasında ictimaiyyətə təqdim olunur.