Azərbaycan.media xəbər verir ki, noyabrın 2-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Avropa Azərbaycan Məktəbində keçirilən “EcoMind 2025” konfransında iştirak edib.
IDEA İctimai Birliyi və Avropa Azərbaycan Məktəbinin birgə təşkilatçılığı ilə baş tutan konfransın məqsədi uşaq və gənclər arasında ekoloji məsuliyyətin təbliği, məktəblərdə ətraf mühitə dair biliklərin və yaşıl düşüncə tərzinin təşviqidir.
Tədbir əvvəlcə Leyla Əliyevanın məktəblilərin ətraf mühit problemlərinə, onların həlli yollarına və təbiətin qorunmasına dair ideyalarını əks etdirən əl işləri sərgisinə baxışı ilə başlayıb.
Sonra konfransın açılış mərasimində çıxış edən Leyla Əliyeva gənclərin ekoloji təşəbbüslərdə fəal iştirakının və ətraf mühitin qorunması prosesində onların məsuliyyətinin vacibliyini vurğulayıb. O bildirib ki, hər bir məktəblinin ekoloji dəyərlərlə böyüməsi ölkənin yaşıl gələcəyinin təminatıdır.
Digər çıxış edənlər təhsil müəssisələrində ekoloji məsuliyyətin artırılması, gənclərin ekoloji təşəbbüslərdə iştirakı və dayanıqlı inkişaf məqsədlərinin tədrisə inteqrasiyası barədə fikirlərini bölüşüblər. Tədbirdə həmçinin bədii hissə də nümayiş etdirilib.
Qeyd edək ki, ilk dəfə təşkil olunan “EcoMind 2025” konfransı gələcəkdə ənənəvi xarakter daşıyacaq və təhsil sahəsində ekoloji əməkdaşlıq üçün yeni platforma formalaşdıracaq. Tədbirdə 30 universitet, 20 dövlət məktəbi və 21 özəl və beynəlxalq təhsil müəssisəsindən 450-dən çox iştirakçı bir araya gəlib.
