Azərbaycan.media xəbər verir ki, məşhur həkim-ortodont İrina Butorina diş sağlamlığına zərər vuran qidalar və vərdişlər barədə maraqlı açıqlamalar verib. O, “Gazeta”ya müsahibəsində bildirib ki, konfetlər dişlər üçün ən zərərli şirniyyat növləridir, çünki onlar uzun müddət ağızda qalaraq diş minasına davamlı mənfi təsir göstərirlər.
Mütəxəssisin sözlərinə görə, bu cür şirniyyatlarda şəkərin miqdarı çox yüksək olur və onun diş səthi ilə uzunmüddətli təması turşu-qələvi balansını pozur, kariogen bakteriyaların artmasına səbəb olur.
Butorina əlavə edib ki, xüsusilə pastil formasında olan konfetlər ağızda əriyərkən diş minasını bir neçə dəqiqə ərzində turşu mühitinə məruz qoyur: “Bu proses demineralizasiyaya, yəni diş strukturunun zəifləməsinə gətirib çıxarır”.
Ortodont uşaqlar arasında sərt və gec əriyən konfetləri uzun müddət ağızda saxlama vərdişinə xüsusi diqqət yetirilməli olduğunu da vurğulayıb.
“Əgər uşaq mütəmadi olaraq sərt konfet sovurursa və ya çubuqlu şirniyyatları dişləyirsə, bu, çənə sisteminə mənfi təsir edir. Çənə üzərində təzyiqin qeyri-bərabər paylanması nəticəsində aktiv böyümə dövründə dişləmənin formalaşması pozula bilər və dişlər yanlış düzülə bilər”, – deyə mütəxəssis valideynləri xəbərdar edib.
