🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Tramp administrasiyası Rusiyaya qarşı ilk ciddi sanksiyaları tətbiq etdi – danışıqlara Marko Rubio rəhbərlik edir


Azərbaycan.media xəbər verir ki, ABŞ administrasiyası bu həftə Donald Trampın ikinci prezidentlik dövründə ilk dəfə Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq edib.

“Bloomberg” nəşrinin məlumatına görə, bu qərar Ağ Evlə Kreml arasında aparılan danışıqlarda əsas məsul şəxsin dəyişməsi ilə əlaqədardır. Belə ki, bundan sonra Rusiya ilə danışıqlara Ağ Evin xüsusi nümayəndəsi Stiven Uitkoff deyil, ABŞ-ın dövlət katibi Marko Rubio rəhbərlik edəcək.

Mənbələrin bildirdiyinə görə, 2025-ci ilin əvvəlindən Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə qarşı çıxırdı. O, Ukraynadakı müharibənin diplomatik yolla başa çatdırılmasının mümkünlüyünə inanır və bu istiqamətdə Putinlə razılığa gəlməyə çalışırdı.

Trampın bu mövqeyinə onun yaxın dostu və keçmiş biznes tərəfdaşı, Rusiya ilə danışıqları aparmaq üçün Ağ Evə gətirdiyi Stiven Uitkoff da dəstək verirdi. Lakin avqust ayında Uitkoffun təcrübəsizliyi Ağ Ev və Kreml arasında ciddi anlaşılmazlığa səbəb olub.

Məlumata görə, Uitkoff “ruslar razılığa gəlməyə hazırdır” sözləri ilə Trampı inandıraraq Alyaskada sammit təşkil edib. Lakin görüş zamanı məlum olub ki, Putin sammitə ABŞ-ın Ukraynanın təslim planını qəbul etməyə hazır olduğuna əmin şəkildə gəlib.

Hadisədən sonra Tramp Rusiya Prezidenti Vladimir Putinlə yeni sammitin Budapeştdə keçirilməsini təklif edib və danışıqlara artıq Stiven Uitkoff deyil, təcrübəli siyasətçi Marko Rubio rəhbərlik edib.

Rubio Rusiya xarici işlər naziri Sergey Lavrovla yalnız bir telefon danışığından sonra anlayıb ki, Moskvanın mövqeyi Alyaska sammitindən bəri dəyişməyib.

Yeni sanksiyaların detalları barədə rəsmi açıqlama hələlik verilməsə də, müşahidəçilər bu addımı Vaşinqtonun Kremlə qarşı siyasətində dönüş nöqtəsi kimi dəyərləndirirlər.