Azərbaycan.media xəbər verir ki, Mədəniyyət Nazirliyinin və Azərbaycan Milli Kitabxanasının birgə nəşri olan “Üzeyir Hacıbəyli. Biblioqrafiya” kitabının, eləcə də “Üzeyir Hacıbəyli-140” mövzusunda elektron məlumat bazasının təqdimat mərasimi keçirilib. Tədbir Milli Kitabxanada baş tutub.
Tədbirin əvvəlində dahi bəstəkarın “Koroğlu” operasından uvertüra səsləndirilib.
Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov çıxışında Üzeyir Hacıbəylinin yalnız musiqiçi və alim deyil, həm də Azərbaycan xalqının böyük şəxsiyyətlərindən biri olduğunu vurğulayıb. O xatırladıb ki, Ümummilli Lider Heydər Əliyevin 1995-ci ildə imzaladığı Sərəncama əsasən 18 sentyabr – Üzeyir Hacıbəylinin doğum günü – Milli Musiqi Günü kimi qeyd olunur və bu ənənə Prezident İlham Əliyevin təşəbbüsü ilə bu gün də davam etdirilir.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə çıxışında bildirib ki, Üzeyir Hacıbəylinin sənəti bitib-tükənməz bir ilham mənbəyidir. Onun sözlərinə görə, təqdim olunan biblioqrafiya bəstəkarın irsinin daha dərindən öyrənilməsinə mühüm töhfə verəcək.
Mədəniyyət nazirinin müavini, Xalq artisti Murad Hüseynov qeyd edib ki, Üzeyir Hacıbəylinin 140 illik yubileyi təkcə ölkə daxilində deyil, beynəlxalq miqyasda da qeyd olunur. Nazir müavini kitabın dahi bəstəkarın irsinin təbliği baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, professor Günay Əfəndiyeva isə çıxışında Üzeyir Hacıbəylinin Azərbaycan mədəniyyətinin, incəsənətinin və milli kimliyinin simvoluna çevrildiyini bildirib.
Tədbirdə, həmçinin Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən İspaniyada nəşr edilən Üzeyir Hacıbəylinin 135 illiyinə həsr olunmuş poçt markası və “Qarabağın cizgiləri” kitabı Milli Kitabxananın fonduna təqdim edilib.
Çıxış edənlər – Xalq artistləri Sərdar Fərəcov, Eldar Mansurov, professorlar Kamilə Dadaş-zadə, Gülnaz Abdullazadə, Nazim Kazımov, eləcə də Rəşad Məcid, Yalçın Adıgözəlov, Lalə Hüseynova və İbrahim Əliyev – Üzeyir Hacıbəylinin yaradıcılığı haqqında fikirlərini bölüşərək onun Azərbaycan musiqisini dünya səviyyəsinə yüksəltməsini xüsusi qeyd ediblər.
Sonda Milli Kitabxana əməkdaşları tərəfindən hazırlanmış “Üzeyir Hacıbəyli-140” adlı elektron məlumat bazası təqdim olunub.
Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər linkdən istifadə edə bilərlər.
