Azərbaycan.media xəbər verir ki, Göyçayın Potu və Qarayazı kəndlərində Vətən müharibəsi şəhidlərinin — Əliyev Elnur Ərəstun oğlunun və Hüseynov İlham Umud oğlunun şəhadətə yüksəlmələrinin beşinci ildönümü münasibətilə anım mərasimləri keçirilib.
Tədbirlərdə şəhidlərin ailə üzvləri, rayon ictimaiyyəti, məktəblilər və gənclər iştirak ediblər. İştirakçılar şəhidlərin məzarlarını ziyarət edərək əziz xatirələrini dərin hörmət və ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.
Anım mərasimlərində çıxış edənlər şəhidlərin keçdiyi döyüş yolundan, göstərdikləri igidlikdən və Vətənə sədaqətlərindən danışıblar. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Qələbədə bu qəhrəman oğullarımızın da payı var.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, şəhid Əliyev Elnur Ərəstun oğlu 2000-ci ildə Göyçay rayonunun Potu kəndində anadan olub. O, 2020-ci il oktyabrın 19-da Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, həmçinin “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhid Hüseynov İlham Umud oğlu isə 2000-ci ildə Göyçayın Qarayazı kəndində anadan olub. O, 2020-ci il oktyabrın 19-da Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.
