🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Aidə Adıgözəlin yeni şeiri

Xəbərin var, bilirsən,
unutmuşam min ildir
şəklini, kölgəni də.
Hətta ürəyimi də,
içindəki səni də.
Ta qamaşmır gözlərim,
ağappaq köynəyinə, rəngli qalstukuna.
parıldayan tuflinə, ütülü kostyumuna.
Ta qımışmır dodağım kinli iradlarına,
nə gözlərim parlamır şirin qınaqlarına.
Telefonum da susur,
min ildir o da pozub yaddaşından nömrəni.
Unudub telefondakı mesajlar bölməsini…
Belə.
Fəsil fəsili qovur,
biz hər gün yaşlanırıq.
Daha irəli deyil geriyə boylanırıq.
Bizdən geri qalana…
Apara bilmədiyim,
daşıya bilmədiyin
o çiynimizi yoran,
könlümüzü ağrıdan
yollara daş tək düşən
kədər yüklərimizə.Xəbərin var, bilirsən,
unutmuşam min ildir,
belə bir şey olmayıb.
Yaddaşımın küncündə
nə sən adlı bir bəndə,
nə sən adda xatirə,
sevgi filan qalmayıb.
Ta danışmır ürəyim gecələr öz-özümə,
düşünmürəm hardasan,
kiminlə danışırsan,
gözlərimi qapayıb ta ertədən yatıram.
Baxmıram oyaqmısan, yaşıl işığın yanır
allah bilir kiminlə
gecənin bir aləmi yenə nə yazışırsan…
Susuram.
Susursan…
İkimiz də bilirik indi susma zamanı.
İndi axı payızdı,
bir az üşüməliyik,
bir az ağlamalıyıq.
Bilirsən ki havalar azca üzü dönəndə
bir az mənim mərəzim,
bir az sənin mərəzin
dil boğaza qoymayır
bomboz oktyabrda.
Bir yandan gözümüzün,
bir yandan könlümüzün,
nəmi payız şehiylə
hopur göynəyib yanan
yaşlı sümüklərimizə…Xəbərin var, bilirsən,
unutmuşam min ildir
səni də, özümü də…
17.10.2025
Aida Adıgözəl
Mənbə: Azərbaycan.media