Azərbaycan.media xəbər verir ki, imtahan iştirakçıları imtahanı yekunlaşdırdıqdan sonra və ya ayrılmış vaxt bitdikdə nəticələrini dərhal görə biləcəklər. Həmçinin nəticələr növbəti gün Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi saytında yerləşdiriləcək.
Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni “Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı” xidməti vasitəsilə çap edə bilərlər. Hər bir iştirakçı buraxılış vərəqəsində göstərilən vaxtda imtahan binasının qarşısında olmalıdır.
İmtahana gələn namizədlər “İmtahana buraxılış vərəqəsi” və şəxsiyyət vəsiqəsinin əslini təqdim etməlidirlər. Bu sənədlərdən biri olmadıqda və ya məlumatlarda uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.
İmtahanın müddəti 1 saat olacaq.
Taksi minik avtomobili sürücüləri üçün imtahan etik davranış, xüsusi hazırlıq proqramı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair 20 test tapşırığından ibarətdir.
Beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülər və operator məsul şəxsləri üçün isə 25 test tapşırığı təqdim olunacaq.
Hər düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavablar nəticəyə təsir göstərmir.
Taksi sürücüləri üçün minimum keçid balı 10,
Beynəlxalq yük daşımaları üzrə sürücülər üçün isə 15 baldır.
Tələb olunan nəticəni toplayan namizədlər imtahanı müvəffəqiyyətlə keçmiş sayılır və onlara müvafiq şəhadətnamə təqdim olunur.
